Yeni tədris ilində fəaliyyətə başlaması nəzərdə tutulan Qarabağ Universitetində bir sıra yeniliklər olacaq. Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktoru Ülkər Səttarova rəsmi mətbuata müsahibəsində deyib ki, növbəti illərdə sözügedən təhsil müəssisəsində daha da maraqlı ixtisaslar olacaq. Direktor bildirib ki, Qarabağ Universitetində nəzərdə tutulan hazırkı ixtisaslar seçiləndə bir sıra faktorlar - həm regionun iqtisadi maraqları, həm mövcud kadr potensialı, həm də kifayət qədər populyar və maraq doğuran olması nəzərə alınıb:
“Nazirlər Kabinetinin müvafiq təsnifatı var və ixtisaslar həmin siyahıdan seçilməlidir. Yəni kimsə düşünməsin ki, mövcud ixtisaslar təsadüfən seçilib. Dediyim kimi, bütün faktorlar nəzərə alınıb. Düşünürəm ki, orada hüquq fakültəsinin olması maraq doğuracaq. Bu ixtisas Bakıda bir-iki ali təhsil müəssisəsində, regionlarda fəaliyyət göstərənlər arasında isə sadəcə, Naxçıvan Dövlət Universitetində tədris olunur. Yəni artıq seçim edənlər biləcəklər ki, hüquq təhsil almaq üçün Bakıya gəlməyə ehtiyac yoxdur. Pedaqoji ixtisasların olması onunla bağlıdır ki, qayıdış var, orada yeni məktəblər inşa olunur və kadr potensialına ehtiyac olacaq. Turizm ona görə seçilib ki, bölgənin kifayət qədər geniş turizm imkanları var və bu istiqamətdə ciddi işlər aparılır. Düşünürəm, növbəti illərdə daha da maraqlı ixtisaslar olacaq. Hələ ki, indi üçün bu ixtisaslar seçilib. Bir də ixtisaslar yaradılanda onun tədrisi üçün lazımi resursların olub-olmaması da nəzərə alınır. Bizim qısa bir müddətdə orada böyük laboratoriyalar qurmaq imkanımızın olmadığını nəzərə alsaq, deməli, ixtisas seçəndə məsələyə hərtərəfli baxmalıyıq".
Xatırladaq ki, Qarabağ Universiteti Azərbaycan Prezidentinin 28 noyabr 2023-cü il tarixli sərəncamı ilə yaradılıb. Elm və təhsil naziri Emin Əmrullayev bildirib ki, Qarabağ Universitetində 1200 tələbə təhsil alacaq. Nazir xatırladıb ki, sentyabr ayında universitetdə tədrisin başlanması nəzərdə tutulur: "Universitetdə infrastrukturla bağlı işlər davam edir. İyunun sonuna qədər yataqxana, tədris binası və onun ətrafı ilə bağlı əsas işlər bitəcək. Ümumilikdə proses avqusta qədər davam edəcək. Qarabağ Universitetində 1200 tələbənin təhsil alacağı proqnozlaşdırılır. Bütün tələbələrə təhsil ödənişsiz olacaq".
Yeri gəlmişkən, 2024/2025-ci tədris ilində Qarabağ Universitetinin bakalavriat səviyyəsində “SABAH” qruplarına tələbə qəbulu da aparılacaq. Tələbə qəbulu Azərbaycan dili və ədəbiyyatı müəllimliyi, riyaziyyat müəllimliyi, ibtidai sinif müəllimliyi, xarici dil müəllimliyi (ingilis dili), hüquqşünaslıq, beynəlxalq münasibətlər, maliyyə və mühasibatlıq ixtisasları üzrə nəzərdə tutulub. Qarabağ Universitetinin “SABAH” qruplarını seçən tələbələr aşağıdakı imkanlardan yararlana biləcəklər:
Qarabağ Universitetinin ilk tələbəsi olmaq;
Ödənişsiz yataqxanadan istifadə etmək;
Yüksək bal toplayan tələbələrə əlavə təqaüd almaq;
Müasir maddi-texniki bazası olan universitet kampusu;
Yeni məzmunlu təhsil proqramları ilə tədris;
Hər bir tələbəyə “SABAH” təqaüdü və kompüter təminatı;
Peşəkar yerli və əcnəbi müəllimlərdən tədris almaq.
Xatırladaq ki, Təhsil Nazirliyinin 2014-2015-ci tədris ilindən fəaliyyətə başlayan “SABAH” (savadlı, bacarıqlı və hazırlıqlı) qrupları ali təhsildə tədrisin keyfiyyətinin yüksəldilməsi, bu sistemdə yeni və fərqli bir mühitin yaradılması, savadlı, bacarıqlı və hazırlıqlı tələbə yetişdirilməsi, əmək bazarının artan tələblərinə müvafiq olaraq kadr hazırlığının təmin edilməsi məqsədilə yaradılıb. “SABAH” qrupları ilk olaraq 34 ixtisas üzrə 7 dövlət ali təhsil müəssisəsində yaradılıb. Hazırda “SABAH” qrupları 12 ali təhsil müəssisəsində fəaliyyət göstərməklə 41 ixtisas və 2400-dən artıq tələbəni əhatə edir. “SABAH” qruplarına qəbul 3 mərhələdən ibarət olmaqla müsabiqə yolu ilə aparılır. Müsabiqədə respublikanın istənilən ali təhsil müəssisəsində yalnız tələb olunan ixtisaslar üzrə bakalavr pilləsinin I kursunda əyani əsaslarla təhsil alan və orta akademik göstəricisi 61-dən yuxarı olan tələbələr iştirak edə bilərlər. Müsabiqənin I mərhələsi tələbələrin elektron qaydada Təhsil Nazirliyinin saytında yerləşdirilmiş qeydiyyat forması əsasında qeydiyyata alınması və elektron ərizədəki göstəricilərin qiymətləndirilməsi, II mərhələsi xarici dil və məntiq üzrə test imtahanının keçirilməsi, III - sonuncu mərhələsi isə test imtahanından uğurla keçən tələbələrlə müsahibənin aparılmasını əhatə edir. Müsahibə hər bir ixtisas və ya ixtisaslar qrupu üzrə Təhsil Nazirliyi tərəfindən yaradılmış və müvafiq ixtisas üzrə ali təhsil müəssisələrində akademik fəaliyyət göstərən şəxslər, ali təhsil müəssisələri üzrə SABAH mərkəzlərinin əməkdaşları və müvafiq sahə üzrə işgüzar mühitdə fəaliyyət göstərən təcrübəli peşəkarlardan ibarət olan komissiya tərəfindən şifahi formada aparılır. Müsahibədə namizədin təhsil aldığı ixtisasa marağı, bu sahədəki bilikləri, ümumi dünyagörüşü və s. meyarlar müəyyən olunmuş ballar şkalası üzrə qiymətləndirilir. Müsabiqənin yekun nəticələrinə əsasən tələbələr “SABAH” qruplarına qəbul edilir. Qəbul olunmuş tələbələr müəyyənləşdirildikdən sonra onların siyahısı Təhsil Nazirliyinin əmri ilə təsdiq olunur və müvafiq siyahılar baza ali təhsil müəssisələrinə göndərilir.
Bundan başqa, “SABAH”da ixtisaslar təhsil, təbiət, humanitar və sosial, iqtisadiyyat və idarəetmə, texniki və texnoloji, mədəniyyət və incəsənət ixtisas qruplarından hər tədris ilinə görə olmaqla, hər bir ixtisas üzrə baza ali təhsil müəssisəsinin I kursunda təhsil alan potensial tələbələrin sayı və prioritetlik nəzərə alınmaqla müəyyən olunur. “SABAH” qrupları layihəsi çərçivəsində müxtəlif inkişaf etdirici layihə və tədbirlər həyata keçirilir.
Mövzu ilə bağlı təhsil eksperti Elçin Əfəndi deyib ki, ümumiyyətlə, bu il Qarabağ Universitetinə qəbul olacaq tələbələr çox şanslıdırlar: “Dövlət başçısının müvafiq sərəncamı əsasında Xankəndidə Qarabağ Universiteti yaradıldı. 2024-2025-ci tədris ili üçün tələbələrin qəbulu həyata keçiriləcək. Hazırda ali təhsil müsəssisəsində müvafiq olaraq, müəyyən istiqamətlər üzrə kadrların – proqram rəhbərlərinin seçimi davam edir. Bir neçə müddət əvvəl isə qəbul planı demək olar ki, təsdiq olundu və 1200 tələbənin Qarabağ Universitetinə qəbulu nəzərdə tutulur və bu istiqamətlərdə kadr hazırlığı həyata keçiriləcək”.
Ekspert qeyd edib ki, müsbət məqamlardan biri də burada təhsil alan tələbələrin təhsil dövründə təhsil haqqı ödəməyəcəkləridir:“Eyni zamanda, hər bir tələbə dövlət təqaüdü alacaq, həmçinin qəbul imtahanlarının nəticəsi 500 baldan yüksək olan tələbələrə də ayrıca təqaüd veriləcək. Burada təhsil alan tələbələr yataqxana şəraitindən maksimum dərəcədə istifadə edə biləcəklər. Asudə vaxtlarını səmərəli keçirmələri üçün idman kompleksləri, stadionlarda idman yarışlarında iştirak etmələrinə imkan yaranacaq. Bir çox startap layihələrində həmin tələbələrin iştirakına şərait yaradılacaq. Demək olar ki, ölkəmizdə bu cür imtiyazların olduğu universitet yoxdur. Təbii ki, buradakı başlıca məqsəd qeyd olunan istiqamətdə tələbə hazırlığı həyata keçirmək və həmin ali təhsil müəssisəsinin tədricən reytinqinin yüksəldilməsinə hesablanan addımlardır. Düşünürəm ki, Qarabağ Universitetinə qəbul olan tələbələrə verilən bu imtiyazlar təkcə dörd ili əhatə etməyəcək, sonrakı illərdə də bu təhsil ocağına qəbul olunan tələbələrə müvafiq imtiyazlar tətbiq olunacaq. Bu da öz növbəsində bir neçə müddət sonra universitetin beynəlxalq reytinqlər siyahısına tədricən istiqamətlənməsinə gətirib çıxaracaq. Nəticə etibarilə Qarabağ Universitetinə qəbul olan hər bir tələbə özünü Avropanın inkişaf etmiş universitetlərində təhsil alırmış kimi hiss etmiş olacaq”.
Mövzu ilə bağlı Milli Məclisin Elm və təhsil komitəsinin üzvü, millət vəkili Ceyhun Məmmədov bildirib ki, Qarabağ Universitetinin yaradılmasının sosial, siyasi əhəmiyyəti qədər mənəvi, iqtisadi əhəmiyyəti də var: “Biz Bakıda universitetlərin çoxluğu ilə bağlı sıxlıq müşahidə edildiyini tez-tez müzakirəyə çıxarırıq. Hesab edirəm ki, bölgələrdə bu cür universitetlərin yaradılması paytaxtdakı sıxlığı da aradan qaldıra biləcək. Məxsusi olaraq, Qarabağ və Şərqi Zəngəzura Böyük Qayıdışın sürətlənməsində Qarabağ Universitetinin yüksək rolu olacaq”.
Deputat həmçinin vurğulayıb ki, sözügedən təhsil müəssisəsində bir çox ixtisas üzrə “SABAH” qruplarının yaradılması da vacib məqamdır: “”SABAH” qrupları Azərbaycanda bir müddət əvvəl yaradıldı və bu qrupların fəaliyyəti, verdiyi töhfələr göz qabağındadır. Əlbəttə biz anlayırıq ki, vətəndaşların gözləntiləri çoxdur. Qarabağ Universitetində təhsil almaq istəyən bir çox gənc “SABAH” qruplarının bütün ixtisaslar üzrə mövcud olmasını istəyirlər. Bu qrupların fəaliyyəti önəmlidir. Qarabağ Universitetinin rektoru Şahin Bayramov təhsil sahəsində yetərincə təcrübəsi olan biridir. Sözsüz ki, yaxın gələcəkdə bu istiqamətin genişləndirilməsi üçün müvafiq addımlar atılacaq”.